ABF Azərbaycan İdman Akademiyası ilə əməkdaşlıq memorandumunu imzaladı
Azərbaycan Basketbol Federasiyası ilə Azərbaycan İdman Akademiyası arasında basketbolun inkişafı, kadr hazırlanması və təhsil-praktika inteqrasiyası məqsədilə…

24 noyabr 2026 — Azərbaycan Basketbol Federasiyası (ABF) ilə Azərbaycan İdman Akademiyası (ASA) arasında basketbolun inkişafı və idman təhsili sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Bu barədə Sportinfo.az məlumat yayıb.
Sənədin əsas məqsədi tərəflərin elmi-tədris və praktiki imkanlarını birləşdirərək yüksək ixtisaslı idman mütəxəssislərinin hazırlanması və tələbə-gənclərin idmana cəlb olunmasına dəstək göstərməkdir.
Memorandum çərçivəsində əməkdaşlığın əsas istiqamətləri aşağıdakılardır:
- Basketbolun inkişafı və təbliği: müxtəlif yaş qrupları üzrə liqalar və turnirlərin təşkili, idman infrastrukturunun gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi;
- Gənc basketbolçuların və kadrların inkişafı: istedadlı tələbə və gənc idmançıların aşkar edilərək yüksək səviyyəli yarışlara hazırlaşdırılması, məşqçilər, hakimlər, menecerlər və həkimlərin peşəkar ixtisasartırması;
- Təcrübə və təhsilin inteqrasiyası: akademiya tələbələrinin federasiyada praktiki dərslər və təcrübə proqramları keçməsi, yarışların təşkili və idman idarəçiliyi sahəsində real iş mühitinə çıxışı;
- Azarkeş mədəniyyəti və fan klubların təşkili: tələbə və gənclərin oyunlara aktiv cəlb olunması və universitet mühitində fan klubların formalaşdırılmasına dəstək;
- Media və kommunikasiya layihələri: idman jurnalistikası və kommunikasiya sahəsində gənc media nümayəndələrinin inkişafı və birgə sosial media layihələrinin həyata keçirilməsi.
ABF-nin mətbuat xidmətinin bildirdiyinə görə, imzalanmış memorandum ölkədə akademik biliklərlə praktiki təcrübənin vəhdətini yaradaraq meydançada, tribunada və media sahəsində yeni nəsil mütəxəssislərin yetişməsinə töhfə verəcək.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport



