Azərbaycan klubları Budvada Avropa Kubokunda iştirak edəcək
17–23 oktyabrda Monteneqronun Budva şəhərində keçiriləcək Avropa Kubokunda Azərbaycanı kişi klubu Vüqar Həşimov və qadın klubu Odlar Yurdu təmsil edəcək.

15 oktyabr 2026 — Azərbaycanın iki şahmat klubu 17–23 oktyabr 2026-cı il tarixlərində Monteneqronun Budva şəhərində keçiriləcək Avropa Kubokunda mübarizə aparacaq.
Azərbaycan Şahmat Federasiyasının məlumatına görə, kişi və qadın klubları arasında keçiriləcək yarış isveçrə sistemi üzrə yeddi turdan ibarət olacaq.
Kişi komandasını Vüqar Həşimov klubu təmsil edəcək. Klubun heyətinə Rauf Məmmədov, Aydın Süleymanlı, Read Səmədov, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov və Kənan Qarayev daxil edilib. Komandanın kapitanı Sərxan Həşimov olacaq.
Qadınların yarışında ölkənin aparıcı şahmatçılarından təşkil olunmuş Odlar Yurdu klubu çıxış edəcək. Odlar Yurdunun heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova yer alır. Komandanın kapitanı Nicat Abasov təyin edilib.
Mənbə: GettoSport



