Azərbaycan Tennis və Padel Federasiyası FIP iclasında
Azərbaycan Tennis və Padel Federasiyası Madrid şəhərində keçirilən Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub.

Azərbaycan Tennis və Padel Federasiyası (ATPF) İspaniyanın Madrid şəhərində təşkil olunan Beynəlxalq Padel Federasiyasının (FIP) 36-cı Baş Assambleyasında iştirak edib. Federasiyanı tədbirdə mətbuat katibi Fərid Sabirli təmsil edib.
Görüş çərçivəsində padel idman növünün qlobal miqyasda inkişafı, 2026-cı il üzrə görülən işlərin hesabatı və qarşıdakı illər üçün strateji hədəflər müzakirə olunub. Üzv ölkələrin nümayəndələri bu idman növünün gələcəyinin formalaşdırılması ilə bağlı öhdəliklərini bir daha təsdiqləyiblər.
Assambleya zamanı bir sıra mühüm qərarlar və yeniliklər diqqət çəkib:
- FIP-in 35 illik yubileyi münasibətilə qurucu federasiyaların nümayəndələri tərəfindən simvolik təsis sənədi imzalanıb.
- Yeni 15 milli federasiyanın üzvlüyə qəbulu ilə təşkilatın üzvlərinin ümumi sayı 115-ə çatıb.
- "World Padel Report 2026" hesabatının ilkin təqdimatı keçirilib.
- "FIP World League" və "Para Padel" adlı yeni strateji təşəbbüslər elan edilib.
Tədbirdə çıxış edən İspaniya Olimpiya Komitəsinin prezidenti Alejandro Blanco padelin Olimpiya perspektivlərindən danışıb. O, "Olimpiya hərəkatının gələcəyini padelsiz təsəvvür edə bilmirəm" fikrini vurğulayaraq, bu idman növünün əhəmiyyətini qeyd edib.
Mənbə: GettoSport



