Azərbaycan Üzgüçülük Federasiyası Belarusla anlaşdı
Azərbaycan və Belarus üzgüçülük federasiyaları təcrübə mübadiləsi, birgə toplanışlar və yarışların təşkili məqsədilə əməkdaşlıq memorandumu imzalayıb.

Azərbaycan Üzgüçülük Federasiyası ilə Belarus Üzgüçülük Federasiyası arasında tərəfdaşlığın gücləndirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb. Razılaşma hər iki ölkədə bu idman növünün inkişafına, təcrübə mübadiləsinin aparılmasına və əlaqələrin genişləndirilməsinə xidmət edəcək.
Sənədə əsasən, tərəflər birgə təlim-məşq toplanışları və turnirlər təşkil edəcək, həmçinin idmançıların, məşqçilərin və hakimlərin peşəkarlıq səviyyəsini yüksəltmək üçün birgə addımlar atacaqlar. Tərəfdaşlıq çərçivəsində metodiki vəsaitlərin bölüşülməsi, uşaq və gənclərin üzgüçülüyə cəlb edilməsi və bu idman növünün təbliği də nəzərdə tutulur.
Hər iki milli qurum qarşılıqlı təcrübədən faydalanaraq idmançıların hazırlıq prosesini daha da təkmilləşdirməyi hədəfləyir. Memorandumun Azərbaycan və Belarus arasında beynəlxalq idman əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyi bildirilir.
Mənbə: GettoSport



