Azərbaycanın üç boksçusu Avropa çempionatının finalında
Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycan millisinin üç boksçusu finala yüksəlib, iki idmançı isə bürünc medal qazanıb.

Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə U-15 Avropa çempionatında Azərbaycan millisinin üç üzvü final mərhələsinə adlayıb. Yarımfinal mərhələsinin ilk günündə ölkəmizi təmsil edən üç boksçu qələbə qazanaraq həlledici döyüşə vəsiqə əldə edib.
52 kiloqram çəki dərəcəsində mübarizə aparan Sənan Nəsibli serbiyalı Lazar Yovanoviçi 5:0 hesabı ilə üstələyib. Qazax boks məktəbinin yetirməsi qızıl medal uğrunda şotlandiyalı Brodi Dau ilə qarşılaşacaq. Digər təmsilçimiz Yusif Əli (57 kq) ukraynalı Kirilo Çumakovu 4:1 hesabı ilə məğlub edib. O, finalda rusiyalı Yeqor Jiruxinlə qüvvəsini sınayacaq. Sərxan Haxverdiyev (70 kq) isə italiyalı Dieqo Mastrorilloya 5:0 hesabı ilə qalib gəlib. Gəncə boks məktəbinin yetirməsi ingiltərəli Şeyn Fyuri ilə çempionluq uğrunda döyüşəcək.
Yarımfinal görüşlərində məğlub olan digər idmançılarımız Ələkbər Məmmədli (44 kq) və Gülay Ocaqova (57 kq) isə Avropa çempionatının bürünc medalları ilə kifayətləniblər.
Xatırladaq ki, turnirin yarımfinal mərhələsinin ikinci günündə Azərbaycanın daha beş boksçusu rinqə çıxacaq. Avropa çempionatının qalibləri oktyabrın 25-də müəyyənləşəcək.
Mənbə: GettoSport
Avropa çempionatı
Azərbaycan millisi


