Bakıda məktəblilər arasında velosiped yarışı olub
Bakıda Səbail rayonu məktəblilərinin iştirakı ilə velosiped yarışı keçirilib. Qaliblərə medal və diplomlar təqdim olunub.

Bakıda Səbail rayonunun məktəbliləri arasında velosiped yarışı baş tutub. Yarış Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə təşkil olunub.
İdman tədbiri Bakı şəhərinin 2026-cı il “Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə keçirilib. Qrup ötüşməsində rayonun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən 40-dan çox oğlan və qız şagird mübarizə aparıb.
Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, oğlanlar arasında 236 saylı tam orta məktəbin şagirdi Ömər Babazadə birinci yeri tutub. Eyni məktəbin təmsilçisi Hüseyn Quliyev ikinci, 49 saylı məktəb-liseyin şagirdi Mirəli Həmidov isə üçüncü olub.
Qızların mübarizəsində isə 189/190 saylı tam orta ümumtəhsil məktəbinin şagirdi Fərəh Mirzəyeva qələbə qazanıb. 51 saylı tam orta məktəbin təmsilçisi Zəhra Səmədova ikinci, 236 saylı tam orta məktəbin şagirdi Leyla Hüseynli üçüncü sırada qərarlaşıb.
Sonda fərqlənən şagirdlərə təşkilatçılar tərəfindən medal və diplomlar verilib. Turnirin Bakı məktəbliləri arasında keçiriləcək silsilə yarışların ilk mərhələsi olduğu bildirilib. Layihənin əsas məqsədi məktəblilər arasında velosiped idmanının təbliği, sağlam həyat tərzinin təşviqi və gənc istedadların üzə çıxarılmasıdır.
Mənbə: GettoSport



