Ben Simmons sabiq baş məşqçisi Riversdən gileyləndi
Basketbolçu Ben Simmons sənədli filmdə sabiq baş məşqçisi Dok Riversin 2021-ci ildəki məğlubiyyətdən sonra işlətdiyi ifadələri yada salıb və tənqid edib.

"Filadelfiya Siksers"in sabiq basketbolçusu Ben Simmons ESPN-in çəkdiyi yeni sənədli filmdə komandadan ayrıldığı qalmaqallı dönəmi və keçmiş baş məşqçisi Dok Riversin ona qarşı davranışını xatırladıb.
Ekran işində 2021-ci ildə Şərq konfransının yarımfinal mərhələsində "Filadelfiya Siksers"in "Atlanta Houks"a yeddinci oyunda məğlubiyyəti əsas müzakirə mövzularından biri olub. Həmin matçın son dəqiqələrində Simmons əlverişli mövqedə topu səbətə atmaq əvəzinə ötürmə vermiş və kəskin tənqidlərlə üzləşmişdi. Oyundan sonrakı mətbuat konfransında isə Riversdən Simmonsun çempionluğa oynayan komandada əsas oyunqurucu ola biləcəyi soruşulduqda, mütəxəssis "Hazırda bu suala cavabım yoxdur" cavabını vermişdi.
Simmons aradan keçən beş ildən sonra baş məşqçinin həmin reaksiyasını belə dəyərləndirib:
"O an nə hiss etdim? Düşündüm ki, bu nə biabırçılıqdır. Əgər kiminləsə münasibətin varsa və o insan səni dəstəkləyirsə, bəzi məsələlər fərqli həll olunmalıdır. Amma digər tərəfdən, başa düşürəm ki, onun da işi var, pul qazanır, işini itirmək istəmir. Çətin anlarda insanlar panikaya düşür, bir-birini günahlandırır. Məhz bu da baş verdi".
Mənbə: GettoSport



