Faiq Hacıyev Turan Tovuzun qarşıdakı hədəflərindən danışdı
Turan Tovuzun kapitanı Faiq Hacıyev İmişli ilə keçiriləcək oyun və çempionatdakı növbəti ağır qarşılaşmalar barədə komandasının planlarını açıqlayıb.

Turan Tovuz komandasının kapitanı Faiq Hacıyev Misli Premyer Liqasının növbəti turları və kollektivin mövcud durumu barədə fikirlərini bölüşüb.
Təcrübəli futbolçu qarşıdakı rəqibləri İmişlidə baş məşqçi Fərid Namazovun gedişini gözlənilməz addım adlandırıb. Buna baxmayaraq, öz komandasının yalnız hazırlığa kökləndiyini bildirib: "Fərid Namazovun ayrılması, gözlənilməz qərar oldu. Amma biz öz oyunumuza köklənməliyik. İmişli ilə bizi çətin qarşılaşma gözləyir və bu matça çox ciddi hazırlaşırıq. Məqsədimiz qələbə qazanaraq xallarımızın sayını artırmaqdır".
Kapitan növbəti turlarda Neftçi, Sabah və Qarabağ kimi güclü rəqiblərlə keçiriləcək oyunlara da toxunub. Hacıyev bildirib ki, İmişli ilə matçdan sonra həmin qarşılaşmalar haqqında düşünəcəklər və rəqibin kimliyindən asılı olmayaraq, meydana yalnız qələbə qazanmaq məqsədilə çıxacaqlar.
Turan Tovuz çempionatda geridə qalan yeddi turdan sonra 14 xal toplayaraq dördüncü pillədə qərarlaşıb.
Mənbə: GettoSport
Turan Tovuz
Qarabağ
Misli Premyer Liqa
Neftçi


