FIA bolidlərin çəkisini 80 kq azaltmağı planlaşdırır
FIA yeni texniki reqlamentlə F1 bolidlərinin çəkisini təxminən 80 kq azaltmağı, güc qurğularını yüngülləşdirməyi və şassini sadələşdirməyi nəzərdə tutur…

23 oktyabr 2026 — Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1 bolidlərinin minimum çəkisini indiki 768 kq-dan təxminən 80 kq azaltmağı planlaşdırır və bunun reallaşdırılmasının mümkün olduğunu hesab edir.
FIA ekspertləri bildirirlər ki, son 20 ildə bolidlərin çəkisi təxminən 200 kq artıb, lakin təhlükəsizlik tədbətlərinin payı bu artımın cəmi 40 kq-ıdır. Çəkiyə nəzarəti bərpa etmək üçün üç əsas istiqamət müəyyən edilib: güc qurğularının yüngülləşdirilməsi, şassinin və aerodinamik elementlərin yenidən layihələndirilməsi və boru-kollektor kimi komponentlərin sadələşdirilməsi.
FIA-nın texniki direktoru Nikola Tombazis deyib: “Biz turbokompressorun təzyiqini əhəmiyyətli dərəcədə azaltmaq niyyətindəyik. Bu, mühərrikin daxilindəki təzyiqi aşağı salmağa və turbokompressorun ölçülərini kiçiltməyə imkan verəcək.” O həmçinin mühərrikin havaqəbuletmə və buraxılış sistemlərinin xeyli sadələşdiriləcəyini, boruların qısaldılacağını vurğulayıb.
Gələcək güc qurğularında batareyaların qalacağı, lakin onların ölçülərinin kiçiləcəyi, MGU-K və digər elementlərin daha yığcam yerləşdirilə biləcəyi qeyd olunub. Tombazis şassinin ölçülərinin 2021-ci il səviyyəsinə tam geri dönməyəcəyini və 13 düymlük təkərlərə qayıdış planlanmadığını bildirib.
2022-ci ildə 13 düymlükdən 18 düymlük təkərlərə keçidin təxminən 25 kq əlavə çəkidən məsul olduğu vurğulanıb. Şassidə və aeropaketdə daha artıq möhkəmlik tələb edən komponentlərin bir qisminin artıq zəruri olmadığı, ağır elementlərin daha kiçik və yüngül variantlarla əvəz edilə biləcəyi qeyd olunur.
Tombazis əlavə edib ki, yalnız çəkini azaltmaqla dövrə vaxtları təxminən 2,5 saniyə yaxşılaşa bilər və bu, təkərlərin daha effektiv işləməsinə şərait yaradacaq. Yanacaq doldurulmasının yarışlara yenidən gətirilməsi məsələsi gündəmdə deyil — komandalar bununla qəti surətdə razılaşmır və təhlükəsizliklə bağlı narahatlıqlar var.
FIA yeni texniki reqlamentlə bağlı komandalar, avtomobil istehsalçıları və pilotlarla məsləhətləşmələri davam etdirir; yeni qaydaların ən gec 2031-ci ildə qüvvəyə minməsi planlaşdırılır.
Mənbə: GettoSport



