FIFA Azərbaycan futboluna 17,9 milyon dollar vəsait ayırdı
FIFA Forward proqramı çərçivəsində 2016–2026 dövründə Azərbaycana ümumilikdə 17,9 milyon dollar ayrılıb; vəsait stadionların yenidən qurulması, VAR və gənclər…

23 oktyabr 2026 — FIFA Forward proqramı çərçivəsində 2016–2026 illər ərzində Azərbaycana ümumilikdə 17,9 milyon dollar həcmində maliyyələşdirmə təsdiqlənib. Beynəlxalq federasiya ayrılan vəsaitin idman infrastrukturu, gənc futbolçuların hazırlanması və rəqəmsal texnologiyaların tətbiqinə yönəldildiyini açıqlayıb.
Sənəddə göstərilir ki, 2016–2022-ci illərdə təsdiqlənən 9,9 milyon dolların 6,2 milyon dolları stadionların və məşq meydançalarının yenilənməsinə sərf edilib. FIFA-nın dəstəyi ilə Gəncə şəhər stadionu yenidən qurulub, Sumqayıtda iki və Bakı Olimpiya Stadionunda bir təbii örtüklü meydança salınıb.
2022-ci ilin avqustunda Azərbaycan Premyer Liqası və ölkə kubokunda VAR sisteminin tətbiqi üçün 480 min dollar ayrılıb; layihə çərçivəsində Bakıda üç videoəməliyyat otağı və bir mobil otaq yaradılıb.
FIFA materialında digər icra edilmiş və planlaşdırılan layihələr və ayrılmış məbləğlər belə göstərilib:
- 745,000 dollar — 2023: Gəncədə futbol akademiyasının tikintisi
- 275,000 dollar — 2023–2024: Ağsu stadionunun yenidən qurulması
- 194,651 dollar — 2024: Dalğa Arena Məşq Mərkəzinin yenidən qurulması
- 1,089,962 dollar — 2023–2024: Dalğa, Binə və Ağsu stadionlarında üç süni örtüklü meydançanın örtüyünün dəyişdirilməsi
- 146,634 dollar — 2025: Milli Təlim-Məşq Mərkəzində əlavə təmir işləri
FIFA Forward proqramı Turan Tovuz Futbol Akademiyasına xüsusi diqqət ayırıb; həmin layihəyə 1,1 milyon dollar vəsait yönəldilib. Kompleksdə dörd mini-meydança (onlardan biri qapalı), yaşayış və yemək sahələri, tibbi infrastruktur, trenajor zalı, sauna və iclas otaqları təmin edilib, yaxınlıqda Tovuz şəhər stadionu da yenilənib.
Beynəlxalq federasiya həmçinin rəqəmsal texnologiyalara yatırım barədə məlumat verib: 2025-ci ildə səkkiz stadionda videoanaliz üçün 48 kamera quraşdırılıb və istedadların müəyyənləşdirilməsi üçün mərkəzləşdirilmiş məlumat bazası yaradılıb. 2026 üçün isə skautinq və oyunçuların izlənməsi platformasının tətbiqinə dəstək nəzərdə tutulur.
FIFA oktyabrın 24–30-da Azərbaycanda keçiriləcək 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalına geniş yer ayırıb; açılış mərasimi oktyabrın 24-də Crystal Hall-da olacaq və həmin gün Azərbaycanla Şərqi Timor komandalarının görüşü ilə turnir başlayacaq. FIFA Azərbaycanı 2025-də Arena proqramunu tamamlayan ilk 11 ölkə arasında göstərib və qeyd edib ki, 2027-ci ildə ölkəmiz Özbəkistanla birlikdə 20 yaşadək futbolçular arasında dünya çempionatına ev sahibliyi edəcək.
Mənbə: GettoSport
Dünya çempionatı
Misli Premyer Liqa
Turan Tovuz


