Həsən Zeynalov Çempionlar Liqasında hədəfi açıqladı
Turan voleybol klubunun prezidenti Həsən Zeynalov Çempionlar Liqasının təsnifat mərhələsindəki hədəfləri və komandanın hazırlığı barədə danışıb.

Turan voleybol klubunun prezidenti Həsən Zeynalov CEV Çempionlar Liqasının təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Bolqarıstanın "Maritsa Plovdiv" kollektivi ilə oyundan öncə komandanın planlarını bölüşüb. Klub rəhbəri əsas hədəfin nüfuzlu turnirin qrup mərhələsinə adlamaq olduğunu vurğulayıb. Bu barədə Sportinfo.az məlumat yayıb.
Heyətin tam formalaşdığını və fiziki hazırlığın qaydasında olduğunu söyləyən Həsən Zeynalov Avropa arenasında layiqincə təmsil olunmağın vacibliyinə diqqət çəkib:
"Məqsədimiz qrup mərhələsinə düşməkdir, buna görə heç bir ödəniş almayacağıq. Əksinə, biz ödəniş etməliyik. Əsas odur ki, bütün Avropa bizi tanıyacaq".
Klub rəhbəri komandadakı ab-hava və həyəcan barədə danışarkən bildirib ki, oyun vaxtı yaxınlaşdıqca hisslər güclənsə də, bu amil meydandakı mübarizəyə mane olmamalıdır. O, Azərbaycan voleybolunun qazandığı uğurları qoruyub saxlamaq və ölkəni beynəlxalq arenada layiqincə tanıtmaq məsuliyyətini daşıdıqlarını qeyd edib.
Zeynalov bölgələrdə qadın voleybolunun kütləviləşməsi istiqamətində atılan addımlardan da söz açıb. Rəhbərin bildirdiyinə görə, klub fəaliyyətini dörd-beş rayon üzrə qurub və yerli dərnəklərdə təxminən 800-1000 qız uşağı məşqlərə cəlb olunur. Klub təşkilati və nəqliyyat dəstəyi təmin etməklə bu gənclərin gələcəkdə böyük idmana inteqrasiyasını hədəfləyir.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Çempionlar Liqası


