Mançester Siti və PSJ rəqabətinin gizlinləri açıldı
İngiltərənin Mançester Siti və Fransanın PSJ klubları arasındakı iqtisadi, siyasi və transfer bazarındakı sərt rəqabətin detalları açıqlanıb.

İngiltərənin “Mançester Siti” və Fransanın PSJ klubları arasındakı rəqabət təkcə yaşıl meydançalarla məhdudlaşmır, həm də iqtisadi və siyasi müstəvidə davam edir. Qeyri-rəsmi olaraq “El Cashico” və ya “pul derbisi” adlandırılan bu qarşıdurmanın əsas səbəbi komandaların arxasında Fars körfəzi ölkələrinin sərvətlərinin dayanmasıdır.
“Mançester Siti” Birləşmiş Ərəb Əmirliklərinin “Abu Dhabi United Group” (ADUG) şirkətinin, PSJ isə Qətərin “Gatar Sports Investments” (QSI) investisiya fondunun nəzarətindədir. Hər iki dövlət futboldan beynəlxalq nüfuzunu artırmaq məqsədilə “yumşaq güc” vasitəsi kimi yararlanır. “Mançester Siti” qlobal klublar şəbəkəsi vasitəsilə Əbu-Dabinin tanıdılmasına xidmət edir, Paris təmsilçisi isə “Nike” və “Dior” kimi nüfuzlu beynəlxalq brendlərlə əməkdaşlıq platformasına çevrilib.
Klublar arasında geosiyasi tərəflərlə yanaşı, UEFA ilə münasibətlərdə də fərqlər mövcuddur. Fransa təmsilçisi qurumun təşəbbüslərini dəstəkləyir, “Mançester Siti” isə maliyyə qaydaları səbəbindən UEFA ilə dəfələrlə hüquqi mübahisələr yaşayıb.
Tərəflər transfer bazarında da bir-birinə rəqib olaraq qalırlar. PSJ uzun müddət Bernardo Silvanı heyətinə qatmağa çalışsa da, İngiltərə klubu futbolçunun Parisə keçidinə razılıq verməyib. Bununla yanaşı, Rayan Çerki və Əyyub Buaddi uğrunda aparılan mübarizədə Mançester təmsilçisi üstünlük əldə edib.
Mənbə: GettoSport
Mançester Siti
PSJ
Bernardo Silva


