Təhminə Tağı-zadə süni intellektin antidopinqdə rolunu təqdim etdi

AMADA İcraçı direktoru Təhminə Tağı-zadə Santorini sammitində süni intellektin antidopinq testlərinin planlaşdırılması, Performans Pasportu və məlumat…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Təhminə Tağı-zadə Santorini sammitində çıxış edir
Foto: İdman.biz

16 oktyabr 2026 — Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadə Yunanıstanın Santorini adasında keçirilən Mərkəzi və Şərqi Avropa ölkələrinin üçüncü Antidopinq Sammitində süni intellektin antidopinq sahəsində tətbiq imkanlarını təqdim edib.

Sammit Yunanıstan Antidopinq Agentliyinin (EOKAN/HADA) ev sahibliyi ilə təşkil olunub. Tədbirdə Ümumdünya Antidopinq Agentliyi (WADA), milli antidopinq təşkilatları və Avropa institutlarının nümayəndələri iştirak edib.

Panel müzakirələri çərçivəsində 2027-ci il Ümumdünya Antidopinq Məcəlləsinin və beynəlxalq standartların tətbiqi, milli antidopinq sistemlərinin maliyyələşdirilməsi, terapevtik istifadə üçün istisnalar və nəticələrin idarə olunması mövzuları müzakirə olunub. Həmçinin ADAMS və DCO Central sistemlərindən istifadənin praktiki aspektləri də gündəmə gətirilib.

T. Tağı-zadə “Antidopinq sahəsində süni intellektdən istifadə” mövzusunda çıxışında süni intellektin testlərin planlaşdırılması, araşdırmalar və maarifləndirmə sahələrində konkret yanaşmalar nümayiş etdirdiyini bildirib. O, əvvəlki məlumatların təhlili, boşluqların müəyyənləşdirilməsi və resursların risklərə uyğun bölünməsində süni intellektin alət rolunu vurğulayıb.

AMADA rəhbəri həmçinin Performans Pasportunun digər elmi və analitik vasitələrlə birlikdə məqsədyönlü testlərin planlaşdırılmasına töhfə verə biləcəyini qeyd edib. O, süni intellektin tətbiqinin fərdi məlumatların qorunması, informasiya təhlükəsizliyi və idmançı hüquqlarına hörmət prinsiplərinə əsaslanmalı olduğunu bildirib.

Tağı-zadə yekun qərarların qəbulunda insan ekspertizasının və peşəkar məsuliyyətin saxlanmasının vacibliyini də xüsusi vurğulayıb.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər