AFFA uşaq futbolu üzrə yeni layihələrini tanıtdı
AFFA uşaq futbolunun inkişafı məqsədilə yeni rəqəmsal platformalarını və gənc oyunçuların izlənməsini təmin edən layihələri ictimaiyyətə təqdim edib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) gənc istedadların aşkarlanması və uşaq futbolunun inkişaf etdirilməsi məqsədilə yeni rəqəmsal layihələrini ictimaiyyətə təqdim edib. Tədbirdə match.affa.az internet səhifəsi və @affa.istedadlar sosial media resurslarının rəsmi təqdimat mərasimi təşkil olunub.
Mərasimdə çıxış edən AFFA-nın baş katibi Cahangir Fərəcullayev 2026-cı ilin faktiki olaraq uşaq futbolu ili hesab oluna biləcəyini qeyd edib. O, bir çox yeni təşəbbüslərin gerçəkləşdiyini, uğurlu layihələrin bərpa olunduğunu bildirib. Baş katib U-15 Dünya Çempionatının festivalını və Milli Mərkəzdə istifadəyə verilən yeni yarış-məşq infrastrukturunu xüsusi vurğulayaraq, 10 mindən çox tamaşaçı tutumuna malik müasir stadionun çempionatdan sonra uşaq-gənclər futbolunun ixtiyarına veriləcəyini diqqətə çatdırıb.
Fərəcullayev milli komanda ətrafında gedən müzakirələrə də toxunaraq azarkeşləri yığmaya dəstək verməyə səsləyib:
"Milli komandamızın çıxışlarında müəyyən neqativ hallar yaransa da, komandanın yanında olmaq lazımdır. Biz bu uşaqları gələcəkdə milli komandanın şərəfini qorumaq üçün hazırlayırıq. Yaxşı gündə də, çətin gündə də millimizi dəstəkləməliyik. Əsas prioritetimiz uşaq futboludur və əminəm ki, bu günün 14, 15, 16 yaşlı uşaqları gələcəyin güclü milli komandasını formalaşdıracaqlar".
Tədbirdə həmçinin gənc futbolçuların inkişafını müşahidə etməyə imkan verən "Eyeball" layihəsinin ilkin uğurlu nəticələri açıqlanıb və federasiya tərəfindən ilk gənc oyunçuya mükafat verilib.
Mənbə: GettoSport
Azərbaycan millisi
Dünya çempionatı


