Aslan Kərimov FIFA U-15 dünya çempionatı barədə danışdı
Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Bakıdakı FIFA U-15 dünya çempionatı və Arsen Vengerlə görüş barədə fikirlərini bölüşüb.

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq yarımmüdafiəçisi, futbol mütəxəssisi Aslan Kərimov Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı barədə fikirlərini bölüşüb. O, turnirin gənc futbolçuların inkişafındakı rolunu şərh edib və Arsen Vengerlə keçirilən görüşün təfərrüatlarından danışıb.
Mütəxəssis bildirib ki, yarış beynəlxalq səviyyəlidir və ilk dəfə keçirilir: “Belə beynəlxalq təcrübə ilə tanış olmaq, onun ab-havasını hiss etmək yeniyetmə və gənc futbolçuların inkişafında vacib rol oynayacaq”.
Oyunun formatına toxunan Aslan Kərimov meydanda yeddi oyunçu və bir qapıçının mübarizə apardığını qeyd edib: “Burada əsas məsələ tez düşünmək, qısa zaman ərzində qərarlar verməkdir. Yəni bu, dar zonada və məhdud çərçivədə problemlərin düzgün həllinə yönəlmiş oyun formatıdır. Bu yaş qrupumuzun keçənilki və ondan əvvəlki yaş qrupları ilə müqayisədə daha təcrübəli və inamlı göründüyünü düşünürəm. Amma bu turnirə komandamızın birinci yeri tutması prizmasından yanaşmamalıyıq. Çünki daha güclü rəqiblər var. Mən bu turniri daha çox uşaqların özlərini başqaları ilə müqayisə etməsi və güclərinə inanması baxımından dəyərləndirirəm”.
O, həmçinin tanınmış mütəxəssis Arsen Vengerlə görüşdüyünü xatırladıb: “Premyer Liqanın və Federasiyanın nəzdində fəaliyyət göstərən baş məşqçilərlə Arsen Venger arasında iki saatlıq master-klass və görüş keçirildi. Kiçik meydanlarda keçirilən oyunların əhəmiyyəti, bu formatda oyunların məşqlərə daxil edilməsi ilə bağlı müzakirələr apardıq”.
Mənbə: GettoSport
Dünya çempionatı
Azərbaycan millisi
Qarabağ
Misli Premyer Liqa


