Azərbaycan AVRO-2028-in seçmə mərhələsində beş komandalı qrupa düşəcək
Azərbaycan milli komandası dekabrın 6-da Belfastda keçiriləcək AVRO-2028-in seçmə mərhələsinin püşkatmasında beş komandadan ibarət qrupa düşəcək.

Azərbaycan milli komandası 2028-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin dekabrın 6-da Belfastda keçiriləcək püşkatmasında beş komandadan ibarət qrupa düşəcək. Bu, UEFA-nın seçmə mərhələ reqlamentindən və komandaların səbətlər üzrə bölgüsündən qaynaqlanır. Bu barədə Sportinfo.az məlumat yayıb.
Seçmə mərhələdə mübarizə aparacaq 54 ölkə 12 qrupa bölünəcək. Bunlardan altısı dörd, qalan altısı isə beş komandadan ibarət olacaq. Turnirdə ilk dörd səbətdə 12, beşinci səbətdə isə cəmi altı kollektiv yer alacaq. Azərbaycan Malta, Litva, Cəbəllütariq, Andorra və Lixtenşteynlə birlikdə məhz beşinci səbətdə qərarlaşacaq. Həmin komandaların hamısı UEFA Millətlər Liqasının D divizionunda mübarizə aparır.
Püşkatma prosesində ilk dörd səbətdəki komandalar qruplara bölüşdürüldükdən sonra beşinci səbətdəki altı kollektiv yalnız beş komandadan ibarət qruplara əlavə olunacaq. Nəticədə Azərbaycan seçmə mərhələdə dördü evdə, dördü səfərdə olmaqla ümumilikdə səkkiz qarşılaşma keçirəcək. Qeyd edək ki, Millətlər Liqasında qalan görüşlərin nəticələri yığmamızın püşkatmada yer alacağı səbətə heç bir təsir göstərməyəcək.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Azərbaycan millisi
Millətlər Liqası
Avropa çempionatı


