Dino Ndlovu biznesdə 6 milyon rand itirdi
Keçmiş Qarabağ hücumçusu Dino Ndlovu beynəlxalq biznes sövdələşməsində təxminən 6 milyon rand itirib, Dubayla əlaqəli şəxslərin iştirakı qeyd olunur.

26 oktyabr 2026 — Keçmiş Qarabağ və Cənubi Afrika yığmasının hücumçusu Dino Ndlovu beynəlxalq biznes əməliyyatında təxminən altı milyon Cənubi Afrika randi (təxminən 617 min AZN) itirdiyini açıqlayıb.
Məlumata görə, sövdələşmədə Dubayla əlaqəli şəxslər iştirak edib və Ndlovunun bildirməsinə görə, vəsaiti aldıqdan sonra yoxa çıxıblar. Futbolçunun ilkin itkisi beş milyon randı ötüb; sonradan vəsaiti geri qaytarmaq məqsədilə şəxsi detektivə əlavə bir milyon rand xərcləyib.
Ndlovu hadisədən sonra biznes fəaliyyətinə başlayanlara tərəfdaşlarını diqqətlə yoxlamağı və müqavilələrin hüquqi tərəflərinə xüsusi diqqət yetirməyi tövsiyə edib.
Hazırkı fəaliyyət və gələcək planlar
Keçmiş hücumçu hazırda xrom hasilatı sahəsinə sərmayə yatırmağa başlayıb. Bundan əvvəl o, gecə klubu, istirahət məkanı və qonaq evi biznesləri ilə məşğul olub. Ndlovu gələcəkdə futbol klubu sahibi və oyunçu agenti olmağı planlaşdırdığını bildirib.
Dino Ndlovu 2016–2018-ci illərdə "Qarabağ"ın formasını geyinib. O, 2017-ci ildə Danimarkanın "Kopenhagen" klubu ilə səfər oyununda vurduğu qolun Ağdam təmsilçisinin tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasında mühüm rol oynadığını xatırlayıb. "Qarabağ"da çıxış etdiyi müddətdə Ndlovu 54 oyunda 19 qol və 7 assistlə yadda qalıb.
Cənubi Afrika millisinin sabiq üzvü karyerası ərzində Azərbaycanla yanaşı, İsrail, Kipr, Çin və Türkiyədə də çıxış edib.
Mənbə: GettoSport
Qarabağ
Çempionlar Liqası


