FIFA Bakıda fiziki tərbiyə müəllimlərinə seminar keçdi
Bakı Olimpiya Stadionunda FIFA-nın dəstəyi və AFFA-nın təşkilatçılığı ilə fiziki tərbiyə müəllimləri üçün xüsusi seminar baş tutub.

AFFA-nın təşkilatçılığı və FIFA-nın “Məktəblərdə Futbol” (Football for Schools) proqramının dəstəyi ilə Bakı Olimpiya Stadionunda fiziki tərbiyə müəllimləri üçün seminar keçirilib. Tədbir məktəblərdə futbolun inkişafına, müəllimlərin peşəkar biliklərinin artırılmasına və bu idman növünün tədris prosesində tətbiqinə həsr olunub.
Seminarın açılış mərasimində AFFA İcraiyyə Komitəsinin üzvü Leyla Xəlilova Rzazadə, baş katibin müavini Elçin Məmmədov, Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəisi Kifayət Mustafayeva və FIFA-nın proqram rəhbəri Frank Kastilyo iştirak ediblər. Rəsmilər uşaqların futbola marağının artırılmasında fiziki tərbiyə müəllimlərinin rolunu qeyd ediblər.
Nəzəri hissədə FIFA nümayəndələri Antonio Sançez və Melvin Mendi, eləcə də AFFA-nın təlimatçısı Osman Rəhimov iştirakçılara proqramın məqsədləri barədə məlumat veriblər. Həmçinin Azərbaycan dilinə tərcümə edilmiş “Football for Schools” mobil tətbiqi təqdim olunub, onun vasitəsilə məşğələlərin planlaşdırılması izah edilib.
Günün ikinci yarısında müəllimlər meydançada praktiki məşğələlərə qatılıblar. Tədbirin gedişi regionlarda çalışan müəllimlər üçün də canlı yayımlanıb. FIFA, AFFA və Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində reallaşan təşəbbüsün növbəti tədbiri oktyabrın 29-da yenə Bakı Olimpiya Stadionunda keçiriləcək “Boots for All” festivalı olacaq.
Mənbə: GettoSport



