İkram Əliskərov UFC Qətər turnirində Cared Kannonieri məğlub etdi
İkram Əliskərov UFC Qətər turnirində Cared Kannonieri hakimlərin yekdil qərarı ilə üstələyərək ardıcıl dördüncü qələbəsini qazanıb.

UFC Qətər turnirində orta çəki dərəcəsinin reytinqli döyüşçüləri İkram Əliskərov və Cared Kannonier əsas kartın açılış qarşılaşmasında üz-üzə gəliblər. Gərgin keçən döyüşün yekununda Əliskərov rəqibini məğlub edib. Bu barədə Offsideplus.az məlumat yayıb.
İlk raundda Kannonier hücuma üstünlük versə də, İkramın dəqiq zərbələri rəqibin üstünlüyünü qırıb. Onun sağ əllə endirdiyi zərbə Kannonieri tarazlıqdan salıb və raundun sonunu azərbaycanlı döyüşçü üstün tamamlayıb. İkinci raundda rəqibini yerə salan Əliskərov üstünlüyünü qoruyub, boğma fəndi ilə təhdid edib və döyüşü tam nəzarətdə saxlamağı bacarıb. Üçüncü raundda da uzaqdan zərbələr və uğurlu təkrar yıxma cəhdləri ilə dominant mövqeyini qoruyan Əliskərov rəqibinin əks-cəhdlərinə imkan verməyib.
Hakimlərin yekdil qərarı ilə (30-27, 30-27, 30-27) qalib elan edilən İkram Əliskərov karyerasında ardıcıl dördüncü uğuruna imza ataraq orta çəki dərəcəsinin ilk beşliyinə yaxınlaşıb.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport



