İmişli Kəpəz matçından sonra Ervins Perkons danışdı
İmişli komandasının baş məşqçisi Ervins Perkons Misli Premyer Liqasının X turunda Kəpəzə məğlubiyyəti şərh edib.

Misli Premyer Liqasının X turunun noyabrın 1-də keçirilən oyununda "İmişli" səfərdə "Kəpəz"ə minimal hesabla məğlub olub. Gəncə şəhər stadionunda baş tutan matçdan sonra qonaqların baş məşqçisi Ervins Perkons mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Bu barədə Sportal.az məlumat yayıb.
Latviyalı mütəxəssis qarşılaşmanın gərgin mübarizə şəraitində keçdiyini bildirib: "Öncə hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Belə atmosferdə oynamaq çox xoş idi. Burada keçirilən əvvəlki matçlara baxmışıq. Gəncə şəhər stadionunda oynamaq həqiqətən çətindir. Komandamın performansı yaxşı idi. Amma nəticə istədiyimiz kimi olmadı. Məqsədimiz 3 xal qazanmaq idi. Təəssüf ki, buna nail ola bilmədik".
Məğlubiyyətin səbəblərinə toxunan baş məşqçi rəqibin imkanından yararlandığını qeyd edib: "Əsas səbəb rəqibin qol vurması, bizim isə vurmamağımızdır. Deməzdim ki, "Kəpəz" daha yaxşı idi. Çox gərgin mübarizə oldu. Futbol səhvlər oyunudur. Qayda pozuntusu etdik və nəticədə cərimə zərbəsindən qapımızda qol gördük".
Buraxılan qoldakı epizod barədə danışan Perkons qapıçı məşqçisinin vəziyyəti təhlil edəcəyini söyləyib: "Yaxşı zərbə idi. Bu barədə çox fikir bildirmək istəmirəm. Çünki mən qapıçı məşqçisi deyiləm. Qapıçılar üzrə məşqçi bu qolu təhlil edəcək". O, həmçinin Gəncə stadionundakı atmosferi və azarkeş dəstəyini yüksək qiymətləndirib.
Mənbə: Sportal.az
Hazırladı: GettoSport
Misli Premyer Liqa
Kəpəz
İmişli


