Leyla Əliyeva Qaraçuxurda idman zalının açılışına qatıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Suraxanı rayonunda yeni istifadəyə verilən Qaraçuxur İdman Zalının açılışında iştirak edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 16-da Bakının Suraxanı rayonunda Qaraçuxur İdman Zalının açılış mərasiminə qatılıb. Tədbir çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov məkanda yaradılan şərait barədə ətraflı məlumat verib. Bu barədə Sportinfo.az məlumat yayıb.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa olunan idman kompleksinin ümumi sahəsi 1115 kvadratmetr, tikintialtı ərazisi 987 kvadratmetr, sahəsi isə 0,27 hektardır. Ərazidə ikimərtəbəli bina ilə yanaşı, sakinlərin, o cümlədən uşaq və gənclərin açıq havada idmanla məşğul olması üçün müvafiq avadanlıqlarla təchiz edilmiş meydança, uşaqlar üçün minifutbol sahəsi və yer tipli şahmat guşəsi qurulub.
Mərkəzin birinci mərtəbəsində 25 tamaşaçı tutumuna malik, 30x18 metr ölçüdə universal zal fəaliyyət göstərəcək. Burada gimnastika, güləş, taekvondo, karate, cüdo, badminton, həmçinin uşaq voleybolu və basketbolu üzrə məşqlərin və turnirlərin təşkili üçün şərait təmin olunub. Həmçinin həmin mərtəbədə kafe, soyunub-geyinmə və duş otaqları, məşqçilər və həkim otaqları ilə yanaşı inzibati otaqlar yerləşdirilib.
Binanın ikinci mərtəbəsində isə trenajor zalı ilə yanaşı aerobika və rəqs məşqləri üçün nəzərdə tutulan xüsusi zal idmançıların istifadəsinə verilib.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport



