GETTOSPORT

Mahir Emreli Millətlər Liqasında Litva üzərində qələbəni şərh etdi

Azərbaycan millisinin forvardı Mahir Emreli UEFA Millətlər Liqasının 3-cü turunda Litva üzərində 1:0 qələbəni və komandanın hazırlığını şərh edib.

GettoSport redaksiyası••1 dəq oxu
Mahir Emreli millinin formasında oyundan sonra müsahibə verir
Foto: Sportinfo.az

Azərbaycan millisinin hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasının 3-cü turunda Litva üzərində əldə olunan 1:0 hesablı qələbədən sonra açıqlama verib.

Mahir Emreli CBC Sport-a verdiyi müsahibədə görüşün ağır və gərgin keçdiyini söyləyib: “Çox ağır və gərgin oyun oldu. Belə olacağını əvvəlcədən bilirdik. Bu üç gün ərzində həm komanda olaraq, həm də fərdi şəkildə bu oyuna çox yaxşı hazırlaşdıq.”

O, birəbir mübarizələrin önəmini vurğulayıb: “Xüsusilə birəbir mübarizələrdə bunu göstərdik. Hər kəsin bir-biri üçün mübarizə apardığı görünürdü. Belə oyunlarda birəbir mübarizələrin çoxunu qazananda nəticə də özünü göstərir. Bir qol vurduq, amma düşünürəm ki, daha çox qol da vura bilərdik. Bunun üzərində işləməliyik.”

Emreli həmçinin bəzi oyunçuların klublarında az oynadıqlarını qeyd edib və bunun məşqlərdə və matçlarda özünü göstərdiyini bildirib: “Bəzi futbolçular klublarında az oynayırlar. Mən də eynisini yay təlim-məşq toplanışında hiss edirdim. Bir çox epizodlarda bu özünü göstərir. Bu zaman müəyyən çatışmazlıqlar olur. Amma oynadıqca, belə epizodlarda iştirak etdikcə həmin vəziyyətlər artıq vərdişə çevrilir.”

Forvard Lixtenşteynlə alınan qolsuz heç-heçədən sonra bu qələbənin həm mental, həm də nəticə baxımından vacib olduğunu bildirib: “Sevinirik. Vacib qələbə idi. Xüsusilə Lixtenşteynlə qolsuz heç-heçədən sonra bu qələbə bizim üçün önəmli idi. Həm mental baxımdan komandaya kömək etdi, həm də pis nəticədən sonra tez toparlanaraq yenidən mübarizəyə qoşula bildiyimizi göstərdi.”

Emreli qrup üçün bu qələbəni önəmli hesab etdiyini və komandanın qarşıda hələ bir oyunu qaldığını xatırladaraq sakitliyi qorumağın vacibliyini vurğulayıb: “Düşünürəm ki, bu, qrupun ən önəmli qələbələrindən biridir. Hələ bir oyunumuz qalıb. Belə hallarda nə həddindən artıq sevinmək, nə də əvvəlki nəticələrdən sonra olduğu kimi çox üzülmək lazımdır. Sakit qalmalıyıq. Ümid edirəm ki, sakitliyimizi qorusaq, nəticələr də hər dəfə bizim xeyrimizə olacaq.”

Son xəbərlər