Milli Paralimpiya Komitəsinin nümayəndələri Astanada seminarında olub
Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndə heyəti Qazaxıstanda keçirilən beynəlxalq idman seminarında iştirak edərək təcrübə mübadiləsi aparıb.

Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Paralimpiya Komitəsinin dəstəyi ilə təşkil olunan beynəlxalq idman seminarında iştirak edib. Qazaxıstan Milli Paralimpiya Komitəsi və Qazaxıstan Milli İdman Universitetinin təşkilatçılığı baş tutan tədbirdə ölkəmizi mətbuat katibi Fərid Qarazadə, İdman şöbəsinin baş mütəxəssisləri Rüfət Rəhimov və Leyli Aslanova, həmçinin mütəxəssis Firdanə Allahyarova təmsil ediblər. Bu barədə Sportinfo.az məlumat yayıb.
Tədbirdə Azərbaycan ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Monqolustan və Moldovanın Milli Paralimpiya Komitələrinin nümayəndələri də qatılıblar. Seminar çərçivəsində paraidmanın inkişafı, tibbi təsnifat, media və marketinq istiqamətləri üzrə təqdimatlar reallaşıb, iştirakçı ölkələr qarşılıqlı təcrübə mübadiləsi aparıblar.
Proqram zamanı Azərbaycan nümayəndə heyəti Uşaq Paralimpiya Oyunları layihəsini, onun həyata keçirilmə istiqamətlərini və əldə olunan nəticələri ətraflı təqdim edib. Sonda Azərbaycan nümayəndələri Qazaxıstan Milli Paralimpiya Komitəsinin baş katibinə qurumun 30 illik yubileyi münasibətilə xatirə hədiyyələri veriblər. Eyni zamanda, təşkilatçılar tərəfindən Azərbaycan Milli Paralimpiya Komitəsinə xatirə plaketi, nümayəndə heyətinin üzvlərinə isə iştirak sertifikatları təqdim olunub.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport



