Premyer Liqa klubları futzal çempionatına qatılacaq

AFFA-nın Futzal və çimərlik futbolu üzrə departamentinin rəhbəri Fərid Babayev Premyer Liqa klublarının növbəti mövsümdən futzalda təmsil olunacağını bildirib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Fərid Babayevin keçirdiyi brifinqdən görüntü
Foto: Offsideplus.az

AFFA-nın Futzal və çimərlik futbolu üzrə departamentinin rəhbəri Fərid Babayev keçirdiyi brifinqdə Misli Premyer Liqasında çıxış edən klubların futzal çempionatına cəlb edilməsi ilə bağlı məlumat verib. Qurum rəsmisi bildirib ki, bütün elit klublara futzal yarışlarında komanda ilə təmsil olunmaları üçün müraciət ünvanlanıb. Bu barədə Offsideplus.az məlumat yayıb.

Hazırda "Araz-Naxçıvan" və "Neftçi" klubları futzal çempionatında mübarizə aparır, "İmişli" isə bu mövsüm yarışa qoşulan yeni komandadır. Digər klublar isə sentyabr ayında edilən müraciəti nəzərə alaraq, planlarının hazırkı mövsümə uyğun olmadığını, lakin növbəti ildən etibarən çempionatda yer alacaqlarını bəyan ediblər.

Fərid Babayev futzalın böyük futbol üçün önəmli baza rolu oynadığını vurğulayıb: "İnanırıq ki, gələcəkdə məcburiyyət olmadan özləri gələcəklər. Çünki futzal böyük futbolun da bazası ola bilər — Neymar və bir çox ulduz futbolçu futzaldan çıxıb".

Departament rəhbəri çempionatın təşkili ilə bağlı ciddi qaydaların olduğunu da xatırladıb. Onun sözlərinə görə, AFFA-nın sistemində lisenziyası olmayan heç bir oyunçu meydana buraxılmayacaq. Turnirdə həm peşəkar, həm də həvəskar futzalçılar mübarizə aparır və əsas hədəf həvəskarları inkişaf etdirərək peşəkar səviyyəyə çatdırmaqdır.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər