Rahilə Hüseynzadə Dürresdə Avropa çempionatında üç medal qazandı
Rahilə Hüseynzadə Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa çempionatında iki gümüş və bir bürünc medal əldə edib.

19 oktyabr 2026 — Azərbaycan ağırlıqqaldıranı Rahilə Hüseynzadə Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində üç medal qazanıb.
86 kq çəki dərəcəsində çıxış edən idmançımız birdən qaldırma hərəkətində 94 kq nəticə göstərərək gümüş medal əldə edib. Təkanla qaldırmada o, 115 kq ilə bürünc medala layiq görülüb. Hər iki hərəkətin cəmi isə 209 kq təşkil edərək ümumi hesabda Rahilə Hüseynzadəyə gümüş medal gətirib.
Mükafatlandırma mərasimində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da iştirak edib. Turnirə baş məşqçi Sərdar Həsənov və böyük məşqçi Asif Məmmədovun rəhbərliyi altında gətirilən üç atletin hər üçü medallarla mükafatlandırılıb.
Daha əvvəl eyni yarışda Fuad Həsənov və Qasım İsmayılov da hərəyə üç medal qazanmışdılar. Beləliklə, Azərbaycan komandasının qitəmiqyaslı yarışdakı ümumi medal sayı doqquza çatıb.
Mənbə: GettoSport
Avropa çempionatı


