GETTOSPORT

Rauf Hüseynovun ailəsi sürücünün məsuliyyətə cəlb edilməsini tələb edir

İyulun 29-da Lökbatan–Qobu yolunda baş verən qəza nəticəsində həlak olan Rauf Hüseynov və Bəhruz Sultanovun ailələri hadisəni törədən sürücünün…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Yol qəzasında həlak olan Rauf Hüseynov və Bəhruz Sultanovun şəkilləri
Foto: Sportinfo.az

İyulun 29-da Abşeron rayonu Lökbatan–Qobu yolunda baş vermiş yol qəzasında həlak olan Rauf Hüseynov və sərnişini Bəhruz Sultanovun yaxınları hadisəyə səbəb olan sürücünün məsuliyyətə cəlb edilməsini tələb edirlər. Mərhum Raufun həyat yoldaşı Şölə Hüseynova qəza anının videosunu izlədikdən sonra hadisəni törədən avtomobilin qara Toyota Corolla olduğunu və sürücünün Qobu qəsəbə sakini Rəvan Bağırov olduğunu müəyyən etdiklərini bildirib.

Şölə Hüseynova iddia edib ki, qəzadan dərhal sonra Raufun maşınının arxa buferi yoxa çıxıb, Rəvanın idarə etdiyi avtomobilin bir hissəsi isə boyanıb. O qeyd edib ki, həmin avtomobillə qəsəbədə dövriyyələr edilib ki, zədə izləri görünməsin. Həlak olanların ailələri aidiyyəti qurumlara şikayət məktubları göndərərək səbəbkarın məsuliyyətə cəlb edilməsini və ağır cəza almasını tələb ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Cəsarət Qənbərli bildirib ki, hadisə saat 12 radələrində baş verib. Onun açıqlamasına görə, Y. Bağırovun idarə etdiyi Toyota hərəkət istiqamətini dəyişərək qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxıb; nəticədə R. Hüseynovun idarə etdiyi avtomobil digər yük maşını ilə toqquşub. Hadisə yerində R. Hüseynov və sərnişini B. Sultanov ölüb, yük maşınının sürücüsü M. Ağaverdiyev xəsarət alıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Qəzanın səbəbkarı kimi Y. Bağırov şübhəli şəxs qismində tutulub və istintaqa təqsirləndirilən şəxs qismində cəlb edilib; onun barəsində məhkəmənin qərarı ilə istintaq müddətində həbs nəzərdə tutulmayan alternativ qətimkan tədbiri seçilib. Hazırda istintaq araşdırmaları davam etdirilir və zərərçəkənlərin iddiaları istintaq predmetidir.

Paylaş

Son xəbərlər