Sabah qələbəni dəyərləndirdi: Bütün Azərbaycan fəxr edə bilər

11 noyabr 2026 — Baş məşqçi Lazar Spasiç Çempionlar Liqasının IV turunda Trabzonspor üzərində 91:72-lik qələbəni komandaya və ölkəyə həsr etdiyini söyləyib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Baş məşqçi Lazar Spasiç mətbuat konfransında danışır
Foto: Sportinfo.az

11 noyabr 2026. Bakı. "Sabah" basketbol klubunun baş məşqçisi Lazar Spasiç Çempionlar Liqasının dördüncü turunda "Trabzonspor"a qarşı 91:72 hesablı qələbəni mətbuat konfransında şərh edib. Bu barədə Sportinfo.az məlumat yayıb.

Spasiç komandaya dəstək verən hər kəsi təbrik edərək, "Düşünürəm ki, bizə dəstək olan bütün ölkə bu qələbəmizlə fəxr edə bilər" demiş və komandanın uğurunda əməyi olan məşqçilər, tibbi heyət, azarkeşlər və rəhbərliyə təşəkkürünü bildirib.

Baş məşqçi həmçinin komandanın rəqabətədavamlılığı və inkişafı barədə danışıb: "Biz çox ciddi və rəqabətədavamlı komandayıq. Böyük işlər görürük və bu yolda davam edirik. Bugünkü qələbə bizdə inanılmaz hisslər və duyğular yaradıb".

Spasiç oyun sonrası təhlil və hazırlıq prosesinə də toxunub: "Hər oyundan sonra çatışmazlıqlarımız üzərində çalışırıq. Bu yolu keçərək böyüyüb inkişaf edirik. Düzdür, vaxtımız çox olmur, lakin 'Trabzonspor'u təhlil etmək üçün kifayət qədər vaxtımız oldu. Gördükləri işə görə məşqçilər heyətimizə təşəkkür edirəm".

Yerli oyunçular və rəqib məşqçi barədə

Serbiyalı mütəxəssis yerli basketbolçuların komandadakı rolunu xüsusi vurğulayıb və Azərbaycan millisinin üzvü Orhan Aydının təcrübəsini qeyd edib: "Orhan çox təcrübəli basketbolçudur. Lakin mən yerli və əcnəbi basketbolçuları bir-birindən ayırmaq istəmirəm. Onların hamısı bizim komandanın oyunçularıdır. Digər yerli basketbolçuların da komandamızda olmasından çox məmnunam".

Spasiçdən "Trabzonspor"un baş məşqçisi Səlcuq Ernakın istefası ilə bağlı soruşduqda isə o, bu mövzuda danışmaq istəmədiyini və məşqçilərdən kimininsə işsiz qalmasına sevinmədiyini bildirib.

Mənbə: Sportinfo.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər