Şəhriyar Məmmədyarovun komandası Avropa Kubokunu qazandı

Şəhriyar Məmmədyarovun çıxış etdiyi Baegan Pendik klubu Avropa Klub Kubokunun qalibi olub. Vüqar Həşimov və Odlar Yurdu da yarışda mübarizə aparıb.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Şəhriyar Məmmədyarov şahmat taxtası arxasında
Foto: Sportinfo.az

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun şərəfini qoruduğu Türkiyənin “Baegan Pendik” klubu Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə Avropa Klub Kubokunun qalibi adını qazanıb.

Türkiyə təmsilçisi yeddi turun yekununda 13 xal toplayaraq kişilərin yarışında birinci yeri tutub. Həlledici son turda “Baegan Pendik” Rumıniyanın “SuperChess Romania” kollektivini 3,5:2,5 hesabı ilə üstələyib.

Digər təmsilçimiz “Vüqar Həşimov” klubu isə 108 iştirakçı arasında onuncu pillədə qərarlaşıb. Kollektiv son turda Türkiyənin “Pausa” komandasına 5,5:0,5 hesabı ilə qalib gələrək xallarının sayını ona çatdırıb. Bu heyətdə Rauf Məmmədov, Aydın Süleymanlı, Şiroğlan Talıbov, Read Səmədov, Xəzər Babazadə, Vüqar Manafov və Kənan Qarayev mübarizə aparıblar.

Qadınların mübarizəsində qüvvəsini sınayan “Odlar Yurdu” klubu isə mükafatçılar sırasına düşə bilməyib. Yeddi turun nəticəsinə görə 10 xal toplayan Azərbaycan təmsilçisi 22 kollektiv arasında dördüncü yeri tutub. Komanda son turda Serbiyanın “Sirmium Sremska Mitrovitsa” klubuna 0,5:3,5 hesabı ilə uduzaraq ilk üçlükdən kənarda qalıb. “Odlar Yurdu”nun heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova çıxış ediblər.

Xatırladaq ki, turnirdən əvvəl hər iki Azərbaycan klubu start reytinqinə görə ən güclü onluqda yer almışdı. Belə ki, “Vüqar Həşimov” səkkizinci, “Odlar Yurdu” isə beşinci nömrə altında mübarizəyə başlamışdı.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər