GETTOSPORT

Timoteuş Puxaç Polşa baş məşqçisi tərəfindən tənqid edildi

Polşa millisinin baş məşqçisi Yan Urban Millətlər Liqası öncəsi Timoteuş Puxaçın müdafiədəki oyunundan narazılığını bildirdi və Frankovskini sol cinaha üstün…

GettoSport redaksiyası••1 dəq oxu
Timoteuş Puxaç Polşa millisi forması ilə mətbuat konfransında
Foto: İdman.biz

Polşa millisinin baş məşqçisi Yan Urban Millətlər Liqası çərçivəsində Bosniya və Herseqovinanın Zenitsa şəhərində keçiriləcək matçdan əvvəl Bakı klubunun müdafiəçisi Timoteuş Puxaçın müdafiədəki oyunundan narazılıq ifadə edib.

Urban mətbuat konfransında dörd müdafiəli sxemdə sol cinahda Pşemıslav Frankovskini oynatmağı üstün tutduğunu vurğulayıb və bununla Puxaçın müdafiədə tam razı qalmadığını göstərdiyini bildirib: “Frankovski sağ cinahda Matti Keşin alternatividir. Amma dörd müdafiəçi ilə oynamaq istəyiriksə və sol müdafiəçi axtarırıqsa, çox şey aydınlaşır. ... Frankovskini bu mövqedə meydana buraxmaqla müəyyən mənada Timoteuş Puxaça müdafiədəki oyunundan tam razı olmadığımı göstərirəm. Məncə, onun yarımmüdafiəçi kimi oynamağa meyli müdafiəçidən daha çoxdur.”

Urbanın iradları Puxacın Polşanın Millətlər Liqasında İsveçə 1:3 hesabı ilə uduzduğu oyundan sonra səslənib. Həmin qarşılaşmada Puxaç start heyətdə oynamış, 65-ci dəqiqədə Frankovski ilə əvəzlənmişdi.

Polşa mətbuatı da Puxaçın çıxışını tənqid edib. Sport.pl onun müdafiədə passiv olduğunu, cinahda Patrik Valemarkla mübarizələrdə tez-tez uduzduğunu və ilk hissənin ortalarında sarı vərəqə aldıqdan sonra daha ehtiyatlı oynamağa məcbur olduğunu yazıb. Eurosport isə Puxaçın müdafiədəki problemlərinə diqqət çəkib, İsveçin ilk hücumlarından birində Valemarkın ondan yayınmağı bacardığını və ilk buraxılan qolda müdafiəçinin kifayət qədər fəal olmadığını vurğulayıb.

Bununla belə, polşalı şərhçilər Puxaçın hücuma qoşulduqda daha inamlı göründüyünü, onun cinahdan ötürmələrinin komanda yoldaşlarını tapdığını və sürətli hücumlarda daha effektiv olduğunu qeyd ediblər. Qeyd olunur ki, Puxaç son iki ildə ilk dəfə milli komandaya çağırılıb.

Son xəbərlər