Tomas Müller MLS çempionatındakı sabitlik problemini tənqid edib
Almaniyalı futbolçu Tomas Müller MLS-də komandaların oyun səviyyəsinin qeyri-sabit olmasından və aşağı liqaya düşmək təhlükəsinin olmamasından danışıb.

Almaniyalı tanınmış futbolçu Tomas Müller ABŞ-nin MLS çempionatında komandaların oyun səviyyəsinin sabit olmamasından söz açıb. O, Avropa futbolu ilə müqayisədə Şimali Amerikada aşağı diviziona düşmək təhlükəsinin mövcud olmamasının oyunçular üzərindəki təzyiqi azaltdığını bildirib. Bu barədə Offsideplus.az məlumat yayıb.
Müller qeyd edib ki, turnir cədvəlinin aşağı pillələrində qərarlaşan rəqiblərə qarşı matçlarda vəziyyət Avropadan tamamilə fərqlənir: “Burada aşağı liqaya düşmək təhlükəsi və böyük təzyiq yoxdur. Aşağı pillələrdə qərarlaşan komandaya qarşı oynayanda vəziyyət tamamilə fərqli olur. Avropada turnir cədvəlinin sonlarında yer alan komandaların futbolçuları liqada qalmaq üçün mübarizə aparırlar”.
Təcrübəli oyunçu mövcud sistem səbəbindən müdafiədəki çıxışların daha sərbəst xarakter daşıdığını vurğulayıb: “Bəzən düşünürəm ki, mövcud sistemə görə müdafiədə oyun daha sərbəst xarakter daşıyır. Ayrı-ayrı futbolçuların çox yüksək səviyyəli çıxışlarını görürəm. Amma çatışmayan əsas məqam sabitlikdir”.
Onun sözlərinə görө, yaxşı və pis performans arasındakı fərq kifayət qədər böyükdür: “Yaxşı və pis oyun arasındakı fərq daha böyükdür. Bəzən bu, sadəcə diqqət məsələsidir. Futbolçular 90 dəqiqə ərzində diqqətlərini qorumağı bacarmalıdırlar. Bəzən onlarda məhz bu çatışmır”.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
MLS


