Turan Tovuz Kurban Berdıyevlə əməkdaşlığı dayandıra bilər
Azərbaycan Premyer Liqasında mübarizə aparan Turan Tovuz klubunda baş məşqçi Kurban Berdıyevin gələcəyi sual altındadır. Rəhbərlik yolları ayıra bilər.

“Turan Tovuz” futbol klubunda baş məşqçi dəyişikliyinin baş verə biləcəyi ehtimal olunur. Bölgə təmsilçisi təcrübəli mütəxəssis Kurban Berdıyev ilə əməkdaşlığa son qoymağı ciddi şəkildə nəzərdən keçirir.
Bu qərara səbəb kimi “boz qurdlar”ın 74 yaşlı mütəxəssisin rəhbərliyi altında azarkeşlərin və rəhbərliyin gözlədiyi oyunu sərgiləməməsi göstərilir. Komandanın qarşısına ən yüksək hədəflər qoyan və mütəxəssisin istədiyi transferləri reallaşdıran klub rəhbərliyi mövcud heyətin yüksək yerlər uğrunda mübarizə aparacağına inamını itirib. İdarəçilər baş məşqçi postunu hələlik adı açıqlanmayan türkiyəli mütəxəssislərdən biri ilə əvəzləmək variantını düşünürlər.
Xatırladaq ki, “Turan Tovuz” Misli Premyer Liqasında cari mövsümün ilk altı turundan sonra aktivinə 11 xal yazdıraraq turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Tovuz təmsilçisi bu matçların ərzində rəqib qapılarından cəmi altı top keçirib.
Turan Tovuz
Misli Premyer Liqa


