GETTOSPORT

Turan VÇL-ə hazırlığı Bakıda davam etdirir

Çempionlar Liqasında mübarizə aparacaq "Turan" voleybol klubu Bakıda təlim-məşq toplanışının son mərhələsini keçirir.

GettoSport redaksiyası••1 dəq oxu
"Turan" voleybol klubunun məşq prosesi
Foto: İdman.biz

Ölkəmizi CEV Çempionlar Liqasında təmsil edəcək qadın voleybolçulardan ibarət "Turan" klubu hazırlıqlarının son mərhələsini Bakıda reallaşdırır.

Yay fasiləsində heyətini əhəmiyyətli dərəcədə gücləndirən Tovuz təmsilçisi Koreya, Kuba, Yaponiya, Serbiya, Slovakiya və Çin məktəblərinin tanınmış oyunçularını transfer edib. Heyətdə, həmçinin Azərbaycan milli komandasının üzvləri də yer alıblar. Baş məşqçi Ziya Rəcəbovun rəhbərlik etdiyi kollektiv əvvəlcə İtaliyanın Misano şəhərində intensiv məşqlər və yoxlama oyunları keçirib. Daha sonra hazırlığı Yunanıstanın Santorini şəhərində davam etdirən komanda, İstanbulda Avropanın aparıcı klublarından olan "Fənərbağça" ilə də yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Hazırda Zaqulbadakı Təlim-Tədris Mərkəzində hazırlığını davam etdirən komandada fiziki, taktiki və psixoloji hazırlığın yüksək səviyyəyə çatdırılması əsas məqsəddir. Qeyd edək ki, "Turan" CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Mladost" komandası ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunu oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində təşkil olunacaq və saat 19:00-da başlayacaq.

Son xəbərlər