Gediminas Orelik Bakıya gəlişini və zədədən dönüşünü danışdı
LANDAU Lions-un litvalı oyunçusu Gediminas Orelik komandasının mövsümə məğlub başlanğıcı, ağır zədə və Bakıya gəlməsi barədə müsahibə verib.

LANDAU Lions-un litvalı basketbolçusu Gediminas Orelik AzB.az-la müsahibəsində Bakıya gəlməsi, komandasının mövsümə məğlub başlanması və karyerasındakı ağır zədədən sonra geri dönüş barədə danışıb.
Orelik ilk oyunda Sabah-a məğlubiyyəti şərh edərkən komandanın hələ öz oyununu tapa bilmədiyini vurğulayıb: "Düşünürəm ki, uduzmağımızın səbəbi hələ öz oyunumuzu tapmağa çalışmağımızdır. Mövsümöncəsi çox oyun keçirməmişik, ona görə də hələ bir-birimizi öyrənirik."
Müsahibədə deyib ki, LANDAU Lions-da artıq ikinci mövsümünü keçirir və baş məşqçinin ona verdiyi əsas rol komandaya qələbə qazandırmağa kömək etmək və gənc oyunçuların inkişafına dəstək olmaqdır. O, həmçinin komandanın təşkilatının və məşqçilər korpusunun insan kimi ona yaxın olduğunu, burada qalmaqdan məmnun olduğunu bildirib.
2018-ci ildə Veneziya klubunda ağır zədə aldığını xatırladan Orelik zədə sonrası dövrün onun üçün ən çox psixoloji cəhətdən çətin olduğunu deyib: "Çox çətin idi. Fiziki baxımdan yox, daha çox psixoloji cəhətdən. İki il yarım oynamamışdım və geri qayıtmaq çətin idi."
Orelik Avropada qalmaq barədə düşünərkən LANDAU Lions-a gəlmək qərarını şəxsi və peşəkar səbəblərlə əsaslandırıb: Avropada təzyiq və digər amillərin olduğunu, Bakıya gəlməyin onun üçün fərqli bir təcrübə olduğunu söyləyib.
Litva basketbol məktəbinin yetirməsi kimi, millinin bütün yaş qruplarında oynamış Orelik gənc azərbaycanlı oyunçulara məsləhət olaraq çox çalışmağı, özlərinə inanmağı və səbirli olmağı tövsiyə edib: "Vaxtınız mütləq gələcək."



