Azərbaycan millisi Litva səfərindən heç-heçə ilə qayıtdı
Azərbaycan milli komandası Millətlər Liqasının yeni mövsümünün ilk oyununda Litva ilə səfərdə 1:1 hesablı heç-heçə edib.

Azərbaycan milli komandası Millətlər Liqasının yeni mövsümünə səfərdə Litva ilə 1:1 hesablı heç-heçə ilə başlayıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin matçdakı yeganə qolunu Mahir Emreli vurub.
Görüş aşağı sürət və hər iki tərəfdən çoxsaylı top itkiləri ilə yadda qalıb. Hücum xəttində aktivliyi və pressinqi ilə seçilən Mahir Emreli tək qalsa da, komandanın ən yaxşı oyunçularından biri olub. Renat Dadaşov isə onun pressinqdəki səylərinə dəstək verməkdə çətinlik çəkib.
Müdafiə xəttində isə bir sıra səhvlərə yol verilib. Çempionlar Liqası həyəcanı yaşamış Rəhman Daşdəmirov gözləntiləri tam doğrultmayıb. 35 yaşlı Bədavi Hüseynov sürətdə rəqiblərindən geri qalıb. Yay təlim-məşq toplanışında iştirak etməyən və "Turan Tovuz"da az oyun praktiki qazanan Rahil Məmmədov da matç zamanı çoxsaylı səhvlərə və mövqe itkilərinə yol verib.
Dünya reytinqində 149-cu yerdə qərarlaşan Litva ilə matçda qələbə qazanmaq mümkün olsa da, səfərdə qazanılan bir xal qrupdakı mövqe baxımından qənaətbəxş hesab oluna bilər.
Azərbaycan millisi
Mahir Emreli
Millətlər Liqası
Çempionlar Liqası
Ayxan Abbasov
Turan Tovuz
Renat Dadaşov
Rahil Məmmədov


