Bakıda keçirilən ənənəvi Qələbə qaçışı yekunlaşdı
Zəfərin 6-cı ildönümünə həsr olunan ənənəvi Qələbə qaçışı iki mindən çox insanın iştirakı ilə Bakıda baş tutub və qaliblər mükafatlandırılıb.

Zəfərin 6-cı ildönümü münasibətilə noyabrın 2-də Bakıda ənənəvi "Qələbə qaçışı" təşkil olunub. Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı baş tutan yarış "Qürurla irəli" şüarı altında keçirilib. Bu barədə Sportinfo.az məlumat yayıb.
Dənizkənarı Milli Parkda yerləşən "Yeddi gözəl" fəvvarəsinin yaxınlığından start götürən iştirakçılar 10 kilometrlik məsafəni qət ediblər. 2021-ci ildən etibarən keçirilən tədbirə bu il 2 mindən çox şəxs qatılıb ki, bu da bütün buraxılışlar arasında ən yüksək iştirakçı göstəricisidir. Vətən müharibəsi şəhidlərinin övladları builki yarışın fəxri iştirakçıları olublar və finiş xəttində idmançıları qarşılayaraq medalları təqdim ediblər.
Kişilərin mübarizəsində Bəxtiyar Əsgərli birinci, Loğman İsrafilli ikinci, Əli Rzazadə isə üçüncü yeri tutub. Qadınlar arasında isə Anna Yusupova qalib olub, Qənirə Həsənova ikinci, Arzu Məmmədbəyova üçüncü yerdə qərarlaşıb. Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov təqdim ediblər.
Tədbir çərçivəsində iki gün ərzində Dənizkənarı Milli Parkda əyləncə zonası fəaliyyət göstərib. Qaçışdan sonra təşkil olunan konsert proqramında xalq artisti Röya, müğənnilər Murad Arif və Mərdan çıxış ediblər. Xeyriyyə məqsədi daşıyan yarışın qeydiyyatından əldə edilən bütün vəsait "YAŞAT" Fonduna ianə olunacaq.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport



