Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu oldu
Azərbaycanlı kikboksçu Eduard Məmmədov Şimali Makedoniyada keçirilən Avropa çempionatında iki qızıl medal qazanaraq titulunu artırıb.

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti və polis polkovniki Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatında növbəti uğura imza atıb. Bu barədə Sportinfo.az məlumat yayıb.
63 kiloqram çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançı “Master Class” kateqoriyasında həm “Light Contact”, həm də “Kick Light” növlərində rəqiblərinə üstün gələrək hər iki yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
“Light Contact” növündə italiyalı La Mantia Alessandro və portuqaliyalı Kortes Emanuelini məğlub edən Eduard Məmmədov, “Kick Light” versiyasında isə macar Hasz Marton və yenidən La Mantia Alessandroya qalib gələrək qızıl medallara sahib çıxıb.
Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi olan idmançı bu qələbə ilə WAKO versiyası üzrə karyerasında 13-cü dəfə Avropa çempionu adını qazanıb. O, eyni zamanda 10 qat dünya çempionudur.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Avropa çempionatı


