Joan Laporta Real Madridi kəskin tənqid etdi
"Barselona"nın prezidenti Joan Laporta "Real Madrid"in La Liqa rəhbərliyinə və futbol qurumlarına yönəlmiş kəskin hücumlarını açıq şəkildə pisləyib.

"Barselona"nın prezidenti Joan Laporta əzəli rəqibi "Real Madrid"in La Liqa rəhbərliyi və digər futbol qurumları ilə yaşadığı gərginlik fonunda paytaxt təmsilçisini sərt tənqid edib.
Kataloniya klubunun rəhbəri Madrid təmsilçisinin La Liqa prezidenti Xavyer Tebas, hakimlər komitəsi və futbol federasiyasına qarşı davamlı hücumlar etdiyini vurğulayıb. Laportanın sözlərinə görə, "Real Madrid" heç bir qərardan razı qalmır və hər şeyi dağıtmağa çalışır:
"Xoşbəxtlikdən, La Liqanın prezidenti bu kimi məsələlərdə təcrübəlidir və "Real Madrid"in hücumlarına qarşı durmağı bacarır. "Real Madrid" heç kimdən razı deyil və görünür, hər şeyi dağıtmaq istəyir. Yaxşı ki, Tebas bunu anlayır, bir çox belə münaqişədən keçib və bu cür hücumlara, La Liqa klubuna yaraşmayan davranışlara qarşı durmağı bacarır. Onlar hər kəsə hücum edirlər: La Liqaya, hakimlər komitəsinə, federasiyaya... Öz qərarlarının nəticəsində düşdükləri vəziyyəti qəbul edə bilmədikləri üçün min bir bəhanə axtarırlar. Əlləri çatan hər şeyi dağıtmaq niyyətindədirlər".
Laporta rəqib komandanın addımlarının "Barselona"ya təsir etmədiyi müddətcə onun üçün əhəmiyyət daşımadığını və bu məsələ ilə xüsusi maraqlanmadığını da sözlərinə əlavə edib.
Mənbə: GettoSport
Real Madrid
La Liqa
Barselona


