LeBron Ceyms mərc tətbiqini məhkəməyə verdi
NBA ulduzu LeBron Ceyms onun adından və obrazından qanunsuz istifadə edən süni intellekt əsaslı mərc tətbiqinin yaradıcılarını məhkəməyə verib.

LeBron Ceymsin hüquqşünasları basketbolçunun adından icazəsiz istifadə edildiyi üçün məhkəmə iddiası qaldırıblar. Məhkəmə çəkişməsinə səbəb süni intellekt əsasında fəaliyyət göstərən "Bron" adlı mərc tətbiqi olub. Bu barədə Offsideplus.az məlumat yayıb.
Həmin tətbiqin yaradıcıları Aniç Gupta və Mark Zoğbi reklam məqsədilə LeBron Ceymsin NBA mərc məlumatlarını nəzərdən keçirdiyini əks etdirən video paylaşıblar.
Basketbolçunun vəkilləri tətbiqin fəaliyyətinin dərhal dayandırılmasını, əldə olunmuş bütün gəlirlərin geri qaytarılmasını və vurulmuş zərərin tam ödənilməsini tələb edirlər. İddiada həmçinin Ceymsin obrazından istifadəyə görə bazar qiymətinə uyğun kompensasiyanın verilməsi də tələb olunur.
Məsələ ilə bağlı ulduz oyunçunun nümayəndələri açıqlama veriblər:
"Liqa, oyunçular və azarkeşlər üçün şəffaflıq və etibar son dərəcə vacibdir. NBA oyunçusunun mərc fəaliyyəti ilə bağlı hər hansı istinadın reklam məqsədilə istifadə olunması ciddi qayda pozuntusudur".
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport



