Lorenzo Mezzotero Neftçiyə qayıtmaq istədiyini açıqladı
Azərbaycanın U-21 millisinin və Sampdoriya klubunun üzvü Lorenzo Mezzotero karyerasını bitirməzdən əvvəl Neftçidə oynamaq arzusunda olduğunu bildirib.

Azərbaycanın U-21 millisinin və İtaliyanın "Sampdoriya" klubunun hücumçusu Lorenzo Mezzotero karyerasını başa vurmazdan əvvəl "Neftçi"yə qayıtmaq istədiyini bildirib. 18 yaşlı futbolçu Azərbaycana bağlılığı, "Sampdoriya"dakı çıxışı və gələcək hədəfləri barədə danışıb.
Azərbaycan millisində oynamanın böyük şərəf və arzu olduğunu deyən gənc forvard U-21 komandasına çağırılmasından məmnunluğunu ifadə edib: "İndi isə kiçik addımlarla irəliləyirəm və U-21 millisinə çağırılmağım həmin addımlardan biridir. Əlbəttə, bu, böyük addımdır, amma əsas milli ilə müqayisədə hələ kiçik addımdır. Ümid edirəm ki, bir gün əsas milli komandada debüt edəcəyim gün gələcək". O, Azərbaycan - Cəbəllütariq matçından sonra milli komandaya dəvət alıb.
İtaliya təmsilçisindəki vəziyyətinə toxunan oyunçu əsas komandada debüt etdiyini, akademiyada qollar vurduğunu və kapitanlıq etdiyini diqqətə çatdırıb. Gələcək planlarından danışan Mezzotero dünyanın ən böyük klublarında çıxış etmək istədiyini vurğulayıb: "Məqsədim dünyanın ən böyük komandalarında oynamaqdır. Ümid edirəm ki, bir gün "Mançester Yunayted"də oynayacağam. Bu, mənim arzumdur".
Uşaqlığının altı ilini Azərbaycanda keçirdiyini xatırladan hücumçu "Neftçi" sevgisini də dilə gətirib: "Neftçi" həmişə ürəyimdə olacaq. Ümid edirəm ki, karyeramı başa vurmazdan əvvəl bir gün yenidən "Neftçi"də oynaya bilərəm. Çünki "Neftçi" mənim ilk sevgim idi". O, Azərbaycanda özünü evindəki kimi hiss etdiyini və yerli futbolçuların ona böyük dəstək göstərdiyini qeyd edib.
Neftçi
Azərbaycan millisi
Mançester Yunayted


