Rüstəm Orucov Heydərovun məğlubiyyətinə münasibət bildirdi
Avropa Cüdo Birliyinin idman komissarı Rüstəm Orucov Bakıda keçirilən dünya çempionatında Hidayət Heydərovun 1/8 final məğlubiyyəti barədə fikirlərini…

7 oktyabr 2026, Çərşənbə (Bakı vaxtı). Avropa Cüdo Birliyinin idman komissarı və Olimpiya mükafatçısı Rüstəm Orucov Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Hidayət Heydərovun 1/8 finalda məğlub olması və ümumi təşkilat barədə danışıb.
Orucov turnirin təşkilatını yüksək qiymətləndirib: "Mən çox dünya çempionatlarında və beynəlxalq yarışlarda olmuşam. Açıq deyim, Bakıda keçirilən bu dünya çempionatı ən yüksək səviyyədə təşkil olunub. Gördüyüm ən yaxşı dünya çempionatlarından biridir. Təşkilatçılıq çox yüksək səviyyədədir və bu, həqiqətən də xüsusi qeyd olunmalıdır".
Hidayət Heydərovun 1/8 finalda 3 şido alaraq turniri medalsız başa vurmasına münasibət bildirən Orucov əlavə edib: "Bu idmandır, cüdodur və burada hər şey ola bilər. Bir məğlubiyyət onun böyük idmançı olması reallığını dəyişmir. Hidayət Olimpiya, dünya və Avropa çempionudur. Mən ona tezliklə yenidən güclü şəkildə qayıtmağı arzulayıram. Əminəm ki, yenidən öz səviyyəsini göstərəcək və kim olduğunu bir daha sübut edəcək".
Orucov veteran cüdoçu Əhməd Yusifovun dünya çempionu olmasını sürpriz saymadığını bildirib: "Əhməd də dünya reytinqində ilk beşlikdə olan idmançıdır. Ona görə də bu nəticəni təsadüf və ya sadəcə şans kimi qiymətləndirmək düzgün olmaz. O, buna layiq idi." Hazırda Azərbaycan millisinin aktivində Əhməd Yusifovun (60 kq) qızıl və Rəşid Məmmədəliyevin (73 kq) bürünc medalı var. Mundial oktyabrın 11-də yekunlaşacaq.
Dünya çempionatı
Azərbaycan millisi


