GETTOSPORT

Zelim Tçkayev Bakıdakı dünya çempionatının finalında

Bakıdakı cüdo üzrə dünya çempionatında 81 kq çəki dərəcəsində Zelim Tçkayev qızıl, Ömər Rəcəbli isə bürünc medal uğrunda mübarizə aparacaq.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Zelim Tçkayev cüdo yarışında
Foto: İdman.biz

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 81 kq çəki dərəcəsinin final qarşılaşmaları azərbaycanlı idmançılar üçün mühüm sınaqla yadda qalacaq. Azərbaycan təmsilçisi Zelim Tçkayev qızıl medal uğrunda gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gələcək.

Zelim Tçkayev ilə Tato Qriqalaşvili arasında böyüklər səviyyəsində keçirilən beş görüşün hamısında gürcüstanlı cüdoçu qalib gəlib. Onların ilk qarşılaşması 2016-cı ildə Berlində keçirilən kadetlər arasında Avropa Kubokunun finalında baş tutub və həmin vaxt Rusiyanı təmsil edən Tçkayev rəqibini məğlub edərək qızıl medal qazanıb. Sonrakı illərdə – 2022-ci ildə Tbilisidə Böyük Dəbilqənin yarımfinalında və Zaqrebdə Qran-prinin təsəlliverici mərhələsində, 2025-ci ildə Podqoritsada Avropa çempionatının yarımfinalında, həmçinin Budapeştdə dünya çempionatının yarımfinalında, eləcə də 2026-cı ildə Tbilisidə keçirilən Avropa çempionatının yarımfinalında Qriqalaşvili üstün olub. Bununla belə, Bakı amili azərbaycanlı idmançı üçün xüsusi əhəmiyyət daşıyır. Tçkayev paytaxtımızda keçirilən “Grand Slam” turnirlərində 2023, 2024 və 2025-ci illərdə ardıcıl üç dəfə çempion olub. Onun rəqibi Tato Qriqalaşvili isə üçqat dünya çempionu (2022, 2023, 2024) və Paris-2024 Olimpiya Oyunlarının gümüş medalçısıdır.

Digər azərbaycanlı cüdoçu Ömər Rəcəbli isə 81 kq çəki dərəcəsində bürünc medal uğrunda qazaxıstanlı Abilayxan Jubanazarla qarşılaşacaq. İdmançılar daha əvvəl 2024-cü ildə Daşkənddə keçirilən Böyük Dəbilqə turnirinin 1/4 finalında qarşılaşıblar və həmin görüşdə Rəcəbli ipponla qələbə qazanıb. Qeyd edək ki, Abilayxan Jubanazar bu dünya çempionatında artıq digər Azərbaycan cüdoçuları ilə də qarşılaşıb; o, 1/8 finalda Vüsal Qələndərzadəni məğlub edib, yarımfinalda isə Zelim Tçkayevə uduzub.

Paylaş

Son xəbərlər