Polina Rəhimova DH Volley-in mövsüm hədəflərini açıqladı
Azərbaycanlı voleybolçu Polina Rəhimova çıxış etdiyi DH Volley klubunun CEV Çelenc Kuboku və yerli çempionatdakı məqsədlərindən danışıb.

Azərbaycanlı voleybolçu Polina Rəhimova çıxış etdiyi “DH Volley” klubunun cari mövsüm üçün qarşısına qoyduğu yüksək hədəfləri açıqlayıb. 36 yaşlı oyunçu CEV Çelenc Kubokunun 1/32 final mərhələsi çərçivəsində Danimarkanın “Holte IF” komandasına qarşı keçirdikləri ilk oyunu dəyərləndirib.
Səfərdə 3:1 hesablı qələbə qazandıqları qarşılaşmanı şərh edən Rəhimova rəqibin xüsusilə servisdə güclü olduğunu bildirib: “Bir setdə uduzsaq da, əsas odur ki, matçdan qələbə ilə ayrıldıq. Ölkələr arasında üç saatlıq vaxt fərqi oyunumuza müəyyən qədər təsir etdi. İnanıram ki, cavab qarşılaşmasında doğma meydanımızda daha yaxşı çıxış edəcəyik”.
İdmançı komandasının hələ uyğunlaşma prosesində olduğunu vurğulayaraq, qarşıdakı hədəflərinə aydınlıq gətirib: “Bu mövsüm qarşımıza böyük məqsədlər qoymuşuq. CEV Çelenc Kubokunda mümkün qədər irəli getmək, ölkə çempionatında isə çempion olmaq istəyirik. Yüksək nəticələr əldə etmək üçün ilk növbədə özünə inanmalısan”.
Qeyd edək ki, “DH Volley” və “Holte IF” komandaları arasında cavab görüşü noyabrın 5-də Bakıda baş tutacaq.
Mənbə: GettoSport



